“Sumqayıt” Yüksək Qızlar Liqasının qalibi oldu

“Sumqayıt” AFFA tərəfindən təşkil olunmuş futbol üzrə Yüksək Qızlar Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, bu gün “Sumqayıt Arena”da çempionatın sonuncu – 18-ci turunun “Sumqayıt” – 8 №-li iOEUGiM oyunu keçirilib.

Bu oyunda 7:4 hesabıyla qalib gələn “Sumqayıt” çempionluğunu rəsmiləşdirib.

Qarşılaşmadan dərhal sonra mövsümü ilk üç pillədə tamamlayan komandalara müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar təqdim olunub. “Sumqayıt” 2023/2023-cü illər mövsümünün qalibi, “Neftçi” ikinci, “Xırdalan Siti” komandası isə üçüncü olub.

“Xırdalan Siti” komandasının üzvü Fidan Cəfərova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin oyunçusu Məryəm İsayeva isə mövsümün ən yaxşı qapıçısı seçilib. Şəfəq Nəsirova (“Sumqayıt”) 64 qolla Yüksək Qızlar Liqasının geridə qalan mövsümünün ən məhsuldar oyunçusu olub.

Mükafatları AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev və U-17 (qadınlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.