Taekvondo üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi qeydə alınıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.
Belə ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust istefa verib. O, öz xahişi ilə postundan ayrılıb. İranlı mütəxəssisin yerinə Məmməd Abdullayev taekvondo yığmamızın yeni baş məşqçisi təyin olunub. Köməkçi məşqçi Rəşad Məmmədov olacaq.
Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin olunub.
Sonda onu da xatırladaq ki, Reza Mehmandoust 2014-cü ildən taekvondo üzrə Azərbaycan millisində baş məşqçi kimi çalışırdı.


