Aprelin 1-də İnsbruk şəhərində start götürmüş taekvondo üzrə açıq Avstriya çempionatına bu gün yekun vurulub. Arena.az xəbər verir ki, iki gün davam edən yarışda Azərbaycan milli komandası da mübarizə aparıb.
Ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda taekvondo yığmamızın böyük məşqçisi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunub. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvələrini sınayıblar.
Taekvondo yığmamız beynəlxalq yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub. Cavad Ağayev (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/32 finaldan mübarizəyə başlayan dünya çempionatının mükafatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvondoçu ilə üz-üzə gəlib. Bu rəqibinə də qalib gələn Ağayev Avstriyada Azərbaycan himnini səsləndirib.
Komandamızın aktivinə digər mükafatı Taleh Süleymanov (87 kq) yazdırıb. Reytinqinə görə ilk mərhələdən azad olan idmançı mübarizəyə 1/8 finalda Polşa təmsilçisi ilə görüşlə başlayıb. İnamlı qələbə qazanan Süleymanov daha sonra Qazaxıstan idmançısından da güclü olub. O, yarımfinalda xorvatiyalı taekvondoçu ilə döyüşüb. Bu rəqibi ilə görüşdə məğlubiyyətə üzülən Taleh turnirin bürünc medalına sahib olub.
Qaşım Maqomedovıa Eltac Qafarov isə turniri medalsız başa vurublar.
Xatırladaq ki, martın 31-dən Avstriyada olan Azərbaycan milli komandasının üzvləri Bakıya sabah qayıdacaqlar.


