Taekvondo yığmamız Dohada 5 medal qazandı

Taekvondo üzrə Azərbaycan milli komandasının üzvləri Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurublar.

Arena.az xəbər verir ki, idmançılarımız G1 kateqoriyalı yarışda 1 gümüş və 4 bürünc mükafata sahib olublar.

Taekvondoçularımızdan yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

Yeri gəlmişkən, Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa birinciliyində uğura imza atan yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda yığma üzlərinin qarşılanma mərasimi olub. Millinin üzvlərini Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, idmançıların yaxınları və taekvondosevərlər qarşılayıblar.

Xatırladaq ki, taekvondoçularımız Belqradda 1 qızıl və 1 bürünc medal qazanıblar. Komandamızın heyətində Şəms Əlizadə (160 sm) Avropa çempionu tituluna yiyələnib, İlyas Hətəmli (160 sm) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Yığmamız bu yarışa 17 idmançı ilə qatılmışdı. Heyətdə 9 oğlan, 8 qız taekvondoçu yer almışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: