Taekvondo yığmamızdan Rumıniyada 3 medal, 1 lisenziya!

Rumıniyanın paytaxtı Buxarestdə 3-cü Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakteri daşıyan təsnifat turnirinə yekun vurulub. Arena.az xəbər verir ki, turnirdə Azərbaycan millisinin üzvləri də mübarizə aparıblar.

Yarışın son günündə yığmamızın daha bir üzvü medal qazanıb. Həmidreza Bədriəliabadi (+87 kq) fəxri kürsüyə yüksəlib. Yarımfinalda italiyalı Mattia Molinə 1:2 hesabı ilə məğlub olan təmsilçimiz bürünc medala sahib olub.

Beləliklə, yarışa 4 taekvondoçu ilə yollanan komandamız 3 mükafata yiyələnib. Bədriəliabadidən öncə Səyyad Dadaşov (54 kq) həm qızıl medal, həm lisenziya, Xanoğlan Kərimov (63 kq) isə bürünc medal qazanıb.

Bu göstərici Azərbaycan millisini komanda hesabında 2-ci edib.

Xatırladaq ki, Azərbaycan Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-də iştirak hüququ qazanıblar.

Avropa Oyunlarında taekvondo yarışları 23-26 iyun aralığında keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: