Braziliyanın futbol üzrə U-23 yığmasının sağ cinah vingeri Mateus Kardozo Lemos Martins (Tete) “Qalatasaray”a keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun 23 yaşlı futbolçusu Türkiyə çempionu ilə azad agent kimi 4+1 illik müqaviləyə imza atıb. Braziliyalı futbolçu yeni klubunda ilinə 2,8 milyon avro qazanacaq. O, bu komandaya azad agent kimi keçdiyinə görə də 3,1 milyon avro imza pulu alacaq.
“Qremio”nun yetirməsi olan Tete 2019-cu ildən “Şaxtyor”un formasını geyinirdi. O, Ukrayna nəhəngində 108 oyuna çıxıb, 31 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Mateus Kardozo son iki mövsümdə Fransanın “Olimpik” (Lion) və İngiltərənin “Lester Siti” klublarında icarədə oynayıb.
“Qalatasaray”ın sol cinah vingeri Emre Kılinç isə “Samsunspor”a keçib. İstanbul təmsilçisini azad agent kimi tərk edən 28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Türkiyə millisində də 4 oyun keçirmiş vinger 2020-ci ildən formasını geyindii “Qalatasaray”da 80 oyuna 9 qol vurub, 8 assist edib. O, “Boluspor”, “Sivasspor” və “Ankaragücü” kimi klubların da uğurları üçün çalışıb.
“Samsunspor”dan daha iki transfer
Super Liqanın yeni klublarından olan “Samsunspor” “Suonsi Siti”nin yarımmüdafiəçisi Olivye Ntşamı da transfer edib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. “Suonsi Siti”nin 2021-ci ildə “Seltik”dən transfer etdiyi kamerunlu futbolçu bu komandada 82 oyuna çıxıb, 12 qol vurub, 6 assist müəllifi olub. O, “Cenoa” və “Olimpik” (Marsel) kimi klublarda da forma geyini, Kamerun yığmasında 6 oyun keçirib.
“Samsunspor” Almaniyanın “Köln” klubunun sağ cinah vingeri Kinqsli Şindleri də heyətinə qatıb. Azad agent statusuna malik 30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. 2019-cu ildən Bundesliqa klubunda çıxış edən Şindler bu komandada 70 oyuna çıxıb, 2 qol vurub, 9 assistlə yadda qalıb. O, “Holştayn”, “Hannover”, “Konkordiya” kimi klublarda da forma geyinib.
Şindlerlə vidalaşan “Köln” “Genk”in sağ cinah müdafiəçisi Rasmus Karstenseni heyətinə qatıb. Almaniya klubu 22 yaşlı danimarkalını satınalma şərti ilə icarəyə götürüb. “Genk” “Silkeborq”un yetirməsini ötən ilin yayında 3 milyon avroya heyətinə qatıb. O, Belçika klubunun əsas komandasında cəmi 4 matç keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
“Samsunspor” isə dayaq yarımmüdafiəçisi Celil Yükseli “Göztəpə”yə icarəyə verib. “Qalatasaray”ın yetirməsi olan 25 yaşlı futbolçu Samsun klubuna ötən ilin yayında gəlsə də, burada keçirdiyi 32 oyuna fərqlənə bilməyib. O, “Adanaspor”da da forma geyinib.


