İtaliyanın “Yuventus” klubunun portuqaliyalı mərkəz müdafiəçisi Tiaqo Djalo icarə müqaviləsi əsasında “Portu”ya keçib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Portuqaliya nəhəngi 24 yaşlı oyunçunu bu mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə futbolçunun transfer hüquqlarının satın alınmasına dair şərt nəzərdə tutulmayıb.
Tiaqo Djalo futbola “Damaynse” klubunda qədəm qoyub və buradan Lissabon “Sportinq”inin futbol akademiyasına yol tapıb. Öz növbəsində, “Sportinq” 2019-cu ilin yanvarında Djalonu “Milan”a satıb. “Milan”, U-19 komandasında yer almış portuqaliyalı müdafiəçini elə, həmin ilin avqustunda “Lill”ə transfer edib. “Yuventus” isə Djalonu bu ilin yanvarında 5,1 milyon avro müqabilində heyətinə qatıb. O, Turin klubunun heyətində cəmi 1 matç keçirib. “Yuventus”un Djalo ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Tiaqo Djalonun qənimətlər muzeyində “Lill” ilə qazandığı Fransa Liqa 1 çempionluğu (2020/2021) və Fransa Super Kuboku (2021/2022) var. O, “Yuventus”la da İtaliya Kubokunu (2023/2024) qazanıb.
Djalo Portuqaliyanın U-16, U-17, U-18, U-19, U-21 yığmalarında keçməklə, əsas yığmaya dəvət alıb, amma hələ debüt imkanı qazanmayıb. Müdafiəçi Portuqaliyanın U-17 yığması ilə “Alqarve Beynəlxalq Turniri”ndə (2017) qələbə qazanıb.
“Transfermarkt” internet-portalı portuqaliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
“Yuventus” daha bir neçə oyunçusunu icarəyə göndərib. 19 yaşlı mərkəz yarımmüdafiəçisi Jozef Nonqe Fransanın “Trua” klubuna keçib. 28 yaşlı qapıçı Stefano Qori isə “Spetsiya”ya üz tutub. Onların hər ikisi mövsümün sonunadək icarədə olacaq.
25 yaşlı hücumçu Marko Oliveri də “Triestina”ya keçib. “Yuventus”u azad agent kimi tərk etmiş italiyalı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
“Yuventus” əvəzedici komandasına bir neçə yeni oyunçu da cəlb edib. Bunlardan biri portuqaliyalı hücumçu Luis Semedodur. “Benfika”nın yetirməsi İngiltərənin “Sanderlend” klubundan “Yuve”yə keçib. Transferin detalları, müqavilə müddəti açıqlanmır.
“Yuventus” “Kremoneze”nin hücumçusu Feliks Afena-Qyanla “Leççe”nin dayaq yarımmüdafiəçisi Cakomo Fatikantini də icarəyə götürüb. Gənc oyunçular bu mövsümün sonunadək Turin klubunun əvəzedici komandasında forma geyinəcəklər.


