Tibo Kurtua Belçika yığmasına qayıdacaqmı?

“Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtua Belçika yığmasına mümkün qayıdışı ilə əlaqədar sualı cavablayıb.

Arena.az təcrübəli qapıçının bu barədə cavabını təqdim edir:

“Belçika yığmasına qayıdışım? Mənim rəhbərliklə söhbətim olub, mövqeyimi eşitmək istəmişdilər. Mən onlarla səmimi idim, Madriddə qaldığım üçün həqiqətən çox xoşbəxtəm. Beynəlxalq fasilə müddətində özümü bərpa edə bildim. Bunun, bədənimin vəziyyətinə necə müsbət təsir etdiyini də gördüm. Ora-bura 20 saat uçmuş Federiko Valverde və ya Vinisiusa baxın, bu, çox yorucudur”.

Xatırladaq ki, avqustda Kurtua, italyan-alman mütəxəssis Domeniko Tedeskonun Belçika yığmasını çalışdıracağı müddətdə “qırmızı şeytanlar”ın heyətində çıxış etməyəcəyini bildirmişdi.

Belçika yığmasının uğursuz nəticələri mənzərəsində Tedesko istefaya göndərilmək təhlükəsi ilə üz-üzədir.

Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.

“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 15 oyun keçirib, 12 qol buraxıb, 6 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
Tibo Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 250 oyun, 231 buraxılmış qol buraxıb və 102 “quru” oyundan ibarətdir.

“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: