Tibo Kurtua yenidən zədə aldı, mövsümü erkən başa vurdu

Futbol üzrə Belçika yığmasının və İspaniyanın “Real” komandasının əsas qapıçısı Tibo Kurtua yenidən zədələnib.

Arena.az məlumat verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kurtua komandanın məşqi zamanı sağ dizindən menisk yırtığı ilə üzləşib. Bu üzdən də onun müayinə və müalicə prosesinə start verilib.

Xatırladaq ki, 2023-cü ilin avqustunda, yeni mövsümün başlanması ərəfəsində Tibo Kurtuaya sol dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulmuşdu. Bu üzdən də Kurtua uzun müddət idi bərpa prosesini davam etdirirdi. O, yaşıl meydanlara qayıtmağa hazırlaşdığı bir vaxtda yenidən oxşar zədə ilə üzləşib. Bu üzdən belçikalı qapıçının azı 6-7 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir. Bu isə Kurtua üçün cari mövsümün artıq başa çatdığını deməyə əsas verir.

Tibo Kurtua “Real”a 2018-ci ilin avqustunda 35 milyon avro müqabilində “Çelsi”dən keçib. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı zədə səbəbindən meydana çıxmayıb. Geridə qalmış 2022/2023 mövsümündə isə Kurtua “Real”ın heyətində 49 oyuna çıxıb, 49 qol buraxıb, 17 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Kral klubu”nun heyətində belçikalı qapıçı 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Tibo Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Tibo Kurtuanı 45 milyon avro məbləğində qiymətləndirir.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: