Tokio-2020: İrina Zaretska finalda uduzdu

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlar davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir idmançısı Olimpiadada qüvvəsini sınayıb.

Karatenin kumite növündəki təmsilçimiz İrina Zaretska (+61 kq) mübarizəyə A qrupunda başlayıb. O, ilk görüşünü Ayumi Uekusaya (Yaponiya) qarşı keçirib və 4:1 hesabı ilə qələbə qazanıb. Karateçimiz ikinci görüşündə Silviya Semeraro (İtaliya) ilə qarşılaşıb və bu dəfə 3:2 hesabı ilə qalib gəlib. Üçüncü görüşünü Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirən 25 yaşlı idmançımız 4:5 hesabı ilə uduzub. Onun qrupdakı sonuncu rəqibi Meltem Hocaoğlu (Türkiyə) olub. İrina türkiyəli idmançını 4:0 hesabı ilə üstələyib. Keçirdiyi dörd görüşün üçündən qalib ayrılan İrina A qrupunu birinci sırada tamamlayıb.

Zaretska yarımfinalda B qrupunun ikincisi Qonq Li (Çin) ilə qarşılaşıb. Təmsilçimiz Liyə 7:2 hesabı ilə qalib gələrək finala yüksəlib və minimum gümüş medalı özünə təmin edib.

Onun finaldakı rəqibi Feryal Abdelaziz (Misir) olub. İrina rəqibinə 0:2 hesabı ilə məğlub olaraq gümüş mükafata sahib çıxıb.

A qrupu

İrina Zaretska (Azərbaycan) – Ayumi Uekusa (Yaponiya) – 4:1

İrina Zaretska (Azərbaycan) – Silviya Semeraro (İtaliya) – 3:2

İrina Zaretska (Azərbaycan) – Sofya Berultseva (Qazaxıstan) – 4:5

İrina Zaretska (Azərbaycan) – Meltem Hocaoğlu (Türkiyə) – 4:0

Yarımfinal

İrina Zaretska (Azərbaycan) – Qonq Li (Çin) – 7:2

Final

İrina Zaretska (Azərbaycan) – Feryal Abdelaziz (Misir) – 0:2

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: