Tokio-2020: Rafael Ağayev gümüş medal qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlar davam edir. Arena.az xəbər verir ki, Azərbaycan karateçisi Rafael Ağayev də bu gün Olimpiadada qüvvəsini sınayıb.

Karatenin kumite növündə mübarizə aparan təmsilçimiz 75 kq çəki dərəcəsində B qrupunda yarışıb. 5 qat dünya, 11 qat Avropa çempionu ilk görüşdə Noa Bitçlə (Almaniya) qarşılaşıb və ona qalib gəlib. Ağayevin sonrakı rəqibi Tsuneari Yahiro (Avstraliya) olub. O, çətinlik çəkmədən növbəti qalibiyyəti aktivinə yazdırıb. Ardınca Rafael Nurkanat Ajiqanovla (Qazaxıstan) qarşılaşan karateçimiz bu rəqibindən də güclü olub. Bununla da o, dördüncü görüşün nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqəni və minimum bürünc medalı özünə təmin edib. Qrup mərhələsinin sonuncu döyüşündə Rafael məğlubiyyətlə barışmalı olub. O, italiyalı Luici Busaya uduzub. Beləliklə, keçirdiyi dörd görüşün üçündən qalib ayrılan Ağayev B qrupunu Luici Busanın ardınca ikinci sırada tamamlayıb.

Rafael yarımfinalda A qrupunun lideri Qabor Harspataki (Macarıstan) ilə qarşılaşıb. Döyüş “karatenin brilliantı”nın aşkar üstünlüyü şəraitində keçib. Nəticədə Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək finala çıxıb. Rafael finalda yenə Luici Busa ilə üz-üzə gəlib. Qrupda olduğu kimi, bu dəfə də azərbaycanlı karateçi məğlubiyyətlə üzləşib. Luici Busa 1:0 hesabı ilə qalib gələrək Olimpiya çempionu olub. Rafael isə gümüş medala sahib çıxıb.

Bu, Azərbaycanın Tokio-2020-də dördüncü medalıdır. Daha öncə yunan-Roma güləşçimiz Rafiq Hüseynov, cüdoçumuz İrina Kindzerska və boksçumuz Alfonso Dominqes Tokio-2020-də bürünc medal qazanmışdılar.

Qrup mərhələsi

Rafael Ağayev (Azərbaycan) – Noa Bitç (Almaniya) – 2:1

Rafael Ağayev (Azərbaycan) – Tsuneari Yahiro (Avstraliya) – 5:0

Rafael Ağayev (Azərbaycan) – Nurkanat Ajiqanov (Qazaxıstan) – 3:2

Rafael Ağayev (Azərbaycan) – Luici Busa (İtaliya) – 1:3

Yarımfinal

Rafael Ağayev (Azərbaycan) – Qabor Harspataki (Macarıstan) – 7:0

Final

Rafael Ağayev (Azərbaycan) – Luici Busa (İtaliya) – 0:1

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: