Tom Kennon satıldı, “Lester Siti” 11,85 milyon avro qazandı

İngiltərənin “Lester Siti” klubunun iki futbolçusu – hücumçu Tom Kennon və dayaq yarımmüdafiəçisi Hamza Çaudri “Şeffild Yunayted”ə keçib.

Arena.az bu barədə “Şeffild Yunayted”in rəsmi saytına istinadən xəbər verir.

Çempionşip təmsilçisi Tom Kennonun transferini 11,85 milyon avroya rəsmiləşdirib. 22 yaşlı forvard yeni klubu ilə 4,5 + 1 illik müqaviləyə imza atıb.

Tom Kennon “Everton”un yetirməsidir. İngiltərə vətəndaşlığı da olan irlandiyalı hücumçu “Preston Nort End”, “Stok Siti” kimi klublarda da çıxış edib. O, 2023-cü ildən formasını geyindiyi “Lester Siti”də 16 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

İrlandiyanın U-19, U-20 və U-21 yığmalarında oynamış Tom Kennon 2023-cü ilin iyununda debüt etdiyi əsas milli komandada 2 oyun keçirsə də, fərqlənə bilməyib.

Hamza Çaudri isə “Lester Siti”nin öz yetirməsidir. Premyer Liqa klubu yetirməsini “Şeffild Yunayted”ə cari mövsümün sonuna kimi icarəyə verib. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, 27 yaşlı futbolçu mövsüm bitən Lester təmsilçisinə qayıdacaq.

Hamza Çaudri “Lester Siti”nin əsas komandasında 131 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Uotford” və “Berton Albion” klublarında da icarədə olub. İngiltərənin U-21 yığmasında oynamış Çaudriyə əsas millidə ehtiyac duyulmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: