“Brentford”un baş məşqçisi Tomas Frank “Mançester Yunayted”in niderlandlı çalışdırıcısı Erik ten Haqa dəstək nümayiş etdirib.
Arena.az xəbər verir ki, komandasının son nəticələri mənzərəsində geniş müstəvidə tənqidlərə məruz qalan “qırmızı şeytanlar”ın niderlandlı çalışdırıcısının istefası gündəmdədir.
Danimarkalı mütəxəssis niderlandlı həmkarının üzləşdiyi durumla bağlı bunları söyləyib:
“Onun üzləşməli olduğu sırf diqqətin miqdarı inanılmazdır. Baş məşqçi kimi belə vəziyyətdə olmağın necə olduğunu anlayıram. Düşünürəm ki, tənqid çoxdur.
Ten Haq iki mövsümdə iki kubok qazanmış yaxşı mütəxəssisdir. Ancaq bunun necə işlədiyini başa düşürəm: komanda qalib gəlsə, baş məşqçi fantastikdir, amma komanda uduzsa, baş məşqçi – tamam zay-bərbaddır!” deyə Tomas Frank bildirib.
Vurğulayaq ki, daha əvvəl mətbuatda, Tomas Frankın özünün “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə namizəd olduğu haqda məlumat yayılmışdı.
Xatırladaq ki, 7 turdan 8 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir. Amma klub rəhbərliyi səbrlə niderlandlı mütəxəssisə şans verməyə davam edir.
Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 125 oyuna çıxarıb, 71 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.
Məşqçiliyə “Tvente”də başlamış Ten Haq ölkəsində “Ayaks”, “Utrext” və “Qo Ehed İqlz” klublarında da baş məşqçi kimi çalışıb. O, vaxtilə Almaniya nəhəngi “Bayern”in ikinci komandasına da rəhbərlik edib.


