“Real”ın alman mərkəz yarımmüdafiəçisi Toni Kroos karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyəcəyi ilə bağlı səbəbi açıqlayıb.
Arena.az “Sports Illustrated” dərgisinə istinadən Kroosun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“İnsan hüquqlarının olmaması – məni ora getməkdən saxlaya bilər. Amma Kristiano Ronaldonun karyerasının sonunda etdiyi kimi, hər kəs özü qərar verməlidir. Amma karyerasının zirvəsində olan və onlara Avropanın səviyyəli klublarında oynamağa imkan verən keyfiyyətlərə malik futbolçular ora getməyə qərar verəndə kifayət qədər çətin olur.
Sonra onlar deyirlər ki, orada iddialı futbol oynayırlar, amma bütün məsələ puldadır. Əvvəl-axır, bu qərar pulun xeyrinə, futbolun əleyhinədir. Və o andan etibarən hamımızın tanıdığı və sevdiyi futbol üçün hər şey çətinləşdi”, deyə Kroos təəssüfünü ifadə edərək, fikrini tamamlayıb.
Cari mövsümdə Kross “Real”ın heyətində 3 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Kroosun “Real”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Toni Kroos 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 106 oyun keçirib, 17 qol vurub, 19 məhsuldar ötürmə verib. Alman yarımmüdafiəçi “bundestim”in heyətində 2014-cü ildə Brazilyia keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı Toni Kroosu 15 milyon avro məbləğində qiymətləndirir.


