Toni Kroos “Santyaqo Bernabeu”da son oyununu keçirdi – Video

La Liqanın sonuncu, 38-ci turunun “Betis”lə ev oyunu (0:0) “Real”ın mərkəz yarımmüdafiəçisi Toni Kroos üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, daha əvvəl AÇ-2024-dən sonra futbolçu karyerasını başa vuracağını açıqlamış alman futbolçu “Santyaqo Bernabeu”da “Real”ın heyətində sonuncu oyununa çıxıb.

Xatırladaq ki, iyunun 1-də Kroos “Real”ın heyətində Dortmund “Borussiya”sına qarşı Çempionlar Liqasının final oyununa çıxacaq. Bu oyun, Kroosun “qaymaqlılar”ın heyətində son oyunu olacaq. Daha sonra Kross Avropa çempionatına yollanacaq və yarışın başa çatması ilə butslarını mıxdan asacaq.

Oyuna hər iki komandanın oyunçularının qurduğu “şərəf dəhlizi”ndən keçməklə daxil olmuş Kroos, oyundan sonra bütün “Santyaqo Bernabeu”nun alqışları ilə yola salınıb və bu vida məqamı ilə bağlı fikirlərini duyğusalcasına ifadə edib:

“Uşaqlarımın qarşılığı məni sözün əsl mənasında məhv etdi… İndi heç nə demək asan deyil. Mən yalnız bütün “Real” azarkeşlərinə, klubuma və bütün komandaya təşəkkür edə bilərəm. Bu 10 unudulmaz il idi”.

“Bernabeu” Kroosla layiq olduğu surətdə vidalaşdı”

Toni Kroosun gedişi münasibətilə “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti fikirlərini ifadə edib:

“Məncə, “Bernabeu” Kroosla layiq olduğu surətdə vidalaşdı. Əla axşamdır və biz onunla daha bir həftə keçirə bildiyimiz üçün bəxtəvərik. O, əla keyfiyyətlərə, böyük xasiyyətə, kiçik kibirə malik əla yarımmüdafiəçidir və çox təvazökardır. O, altruist oyunçudur. Onun 10 il bizimlə olması ilə bəxtimiz gətirdi”.

Həmçinin “kral klubu”nun prezidenti Florentino Peres oyundan sonra alman futbolçuya ismarış ünvanlayıb:

“Toni Kroos, bura həmişə sənin evin olacaq! Sən “Real” tarixinin ən böyük oyunçularından birisən”, deyə Peres vurğulayıb.

Kroos “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçib. Alman yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 47 oyuna 1 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 464 oyun, 28 qol, 98 məhsuldar ötürmə.

Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.
Rostok “Hanza”sının yetirməsi olan təcrübəli alman futbolçu “Real”a qədər ölkəsində “Bayern” və “Bayer”də çıxış edib.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 108 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib.

2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif edib və yenidən bundestimin düşərgəsinə qayıdıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: