“Fulhem”in sahibi Toni Xan Səudiyyə Ərəbistanı klublarının transfer bazarındakı fəallığına öz münasibətini bildirib.
Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Toni Xan “Əl-Hilal”ın “Fulhem”in serb mərkəz hücumçusu Aleksandr Mitroviçlə maraqlanması ilə bağlı yayılan şayiələr fonunda, ərəblərin “ulduz alveri”nə öz münasibətini açıqlayıb:
“Bu, heyrətamizdir və düşünürəm ki, kifayət qədər pulunuz varsa, qətl də daxil olmaqla, hər şeyin öhdəsindən gələ və dünyanın ən yaxşı oyunçularını imzalamağa çalışa bilərsiniz. Onlar, sössüz ki, bir çox böyük oyunçularla əlaqə saxlayıblar, ancaq biz ən yaxşı ulduzlarımızı saxlamağa can atırıq”.
Geridə qalmış 2022/2023 mövsümündə Mitroviç “Fulhem”in heyətində 28 oyuna çıxıb. O, bu oyunlarda 15 qol vurub, 4 məhsuldar ötürmə verib və “bağçılar”la Premyer Liqa 10-cu yerdə başa vurub.
Aleksandr Mitroviç Serbiya yığmasının heyətində 81 oyun keçirib və vurduğu 52 qolla yığma komandanın mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 28 yaşlı Aleksandr Mitroviçi 28 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, əvvəllər portuqal superulduz hücumçu Kristiano Ronaldo və Kərim Benzema, N’Qolo Kante, Kalidu Kulibali, Eduard Mendi kimi ulduz futbolçular Səudiyyə Ərəbistanı Liqasının klublarına keçiblər.
Səudiyyə Ərəbistanı Liqasının yeni mövsümü avqustun 11-də başlayacaq.


