“Tottenhem”də Manor Solomon uzun müddətə sıradan çıxdı

Futbol üzrə İsrail yığmasının və İngiltərənin “Tottenhem” klubunun hücumçusu Manor Solomon uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

24 yaşlı vingerin oktyabrın 6-da sağ dizindəki meniskdən əməliyyat olunduğu diqqətə çatdırılıb. Futbolçunun sağalması üçün 2-3 ay vaxt lazım olacaq.

Xatırladaq ki, Manor Solomon “Tottenhem”ə bu ilin yayında Donetsk “Şaxtyor”undan (Ukrayna) azad agent kimi keçmişdi. O, London klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqaviləyə imza atmışdı. Futbolçu indiki komandasında cəmi 6 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Karyerasına “Makkabi” (Petah Tikva) klubunda başlamış Solomon 2019-cu ildən formasını “şaxtaçılar”ın uğurları üçün çalışırdı. O, 2022/2023 mövsümündə icarə əsasında “Fulhem”də çıxış edib.

Solomon İsrail yığmasının heyətində 37 oyuna çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Manor Solomonu 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: