“Roma”nın sabiq hücumçusu, klubun canlı əfsanəsi Françesko Totti keçmiş komandasının Avropa Liqasının qalibi olmaq şanslarını dəyərləndirib.
Arena.az xəbər verir ki, Totti “canavarlar”ın Avroliqanın finalında “Sevilya”ya qarşı keçirəcəyi oyun haqda gözləntilərini “Football Italia” üçün açıqlayıb:
“Düşünürəm ki, müvafiq finallarda “Sevilya” daha böyük təcrübəyə sahibdir. Onlar altı finalda iştirak ediblər və altısında da qalib olublar. Ancaq əvvəl-axır, əgər bəxtimiz gətirsə, onlar uduzacaqlar. Mourinyonun rəhbərliyi altında “Roma”nın bu fantastik imkanı var. O, belə oyunlarda böyük təcrübəsi olan məşqçidir və o, çağırışı ən yaxşı surətdə qəbul edəcək ki, komandasını birinci yerə çıxarsın.
Belə güclü şəxsiyyətə malik məşqçi ilə hər şey asandır. Morinyo kimi mütəxəssislər qalib gəlməyə vərdiş ediblər. Bu səbəbdən onlar bu müvafiq mentaliteti komandaya ötürə bilirlər. Düşünürəm ki, o, məhz bunu edir”.
Xatırladaq ki, Avropa Liqasının “Roma” ilə “Sevilya” arasında keçiriləcək final oyunu bu günə – 31 may tarxinə təyib edilib. Tərəflər münasibətlərinə Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da aydınlıq gətirəcəklər. Həlledici oyunu İngilətərədən olan Entoni Teylor idarə edəcək.
“Roma” tarixində ikinci dəfə Avroliqanın finalında oynayacaq. Bu komanda 1991-ci ildə bu turnirin finalında İtaliyanın digər təmsilçisi “İnter”lə mübarizədən məğlub ayrılıb.
“Sevilya” isə indiyə qədər qatıldığı final görüşlərinin hamısında (2006, 2007, 2014, 2015, 2016, 2020) qalib gələn tərəf olub. Oxşar uğurlu seriya “Roma”nın baş məşqçisi Joze Mourinyoda da var. Portuqaliyalı mütəxəssis də indiyə qədər qatıldığı avrokubokların bütün final matçlarından qalib ayrılıb.