Totti: “Ronaldo həm Messi, həm də Kristianodan güclü idi”

İtaliya futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti birlikdə oynamaq istədiyi futbolçudan söhbət açıb.

Arena.az “Il Messaggero” dərgisinə istinadən, Tottinin, müvafiq xəyalı haqda açıqlamasını təqdim edir:

“Mən Ronaldo – “Müəmma” ilə oynamaq istərdim. O, həm Lionel Messi və həm də Kristiano Ronaldodan güclü idi. Bunlar üç fərqli oyunçulardır, qeyri-adidirlər. Amma Maradonadan sonra mən Ronaldonu önə çəkərdim. Onlar insan deyildilər”, deyə Totti müsbət mənada “Yekədiş”in və Don Dieqonun futbolçu simasını qabardıb.

Tam adı Luis Nazariu di Lima olan Ronaldonun xüsusi təqdimata ehtiyacı yoxdur. “Müəmma” ləqəbli braziliyalı əfsanə “selesao” ilə ikiqat dünya çempionu, Amerika Kubokunun ikiqat qalibi, Konfederasiyalar Kubokunun qalibi, “Qızıl top”un ikiqat qalibidir.

Ronaldo “Kruzeyro”, PSV (Eyndhoven), “Barselona”, “İnter”, “Real”, “Milan” və “Korintians”da çıxışları ilə futbolsevərlərin könlünü fəth edib. “Yekədiş” 2011-ci ildə futboldan ayrılıb. Mütəxəssislərin rəyinə görə, mütəmadi ağır zədələr alaraq öz imkanlarını tam gücü ilə sabit nümayiş etdirə bilməməsinə rəğmən, Ronaldo dünya futbol tarixinin ən yaxşı mərkəz hücumçusdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: