Türkiyənin “Trabzonspor” klubu bu yay İngiltərə nəhəngi “Liverpul”dan ayrılmış misirli hücumçu Məhəmməd Salah ilə müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmayıb. Amma Salahın “Trabzonspor”la 2 illik müqavilə imzaladığı barədə xəbərlər var.
34 yaşlı futbolçu 2017-ci ilin yayından İngiltərənin “Liverpul” klubunda çıxış edirdi. O, ötən mövsümün sonunda azad agent kimi bu komandadan ayrılıb.
Salah “Liverpul”un heyətində müxtəlif turnirlərdə ümumilikdə 442 oyuna çıxıb, 257 qol vurub və 123 məhsuldar ötürmə edib.
Misirli hücumçu klubun tarixində ən məhsuldar futbolçuların siyahısında üçüncü pillədə qərarlaşıb. O, bu göstəricidə uelsli hücumçu Yan Raşdan (339 qol) və ingiltərəli forvard Rocer Hantdan (280 qol) geri qalır.
Salah “Liverpul”la İngiltərə çempionu, Çempionlar Liqasının, İngiltərə Kubokunun, İngiltərə Super Kubokunun, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. O, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
“Trabzonspor” 7 qat Türkiyə çempionudur. Klub eyni zamanda ölkə kubokunun son qalibidir və bu turnirdə 10 dəfə kuboka sahib çıxıb. Trabzon klubu ötən mövsüm Türkiyə çempionatını 7-ci pillədə başa vurub.



