Türkiyə çempionu “Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi misirli yarımmüdafiəçi Mahmud Trezeqeni transfer edib.
Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. İngiltərənin “Aston Villa” klubundan transfer olunmuş 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Misir yığmasının da üzvü olan vinger yeni komandasında 88 nömrəli formanı geyinəcək.
“Trabzonspor” bu transfer üçün “Aston Villa”ya 4 milyon avro təzminat ödəyəcəyini bəyan edib. Bu məbləğ 4 il ərzində ödəniləcək. Futbolçunun özü isə Türkiyə klubunda ilinə 1 milyon 550 min avro qazanacaq.
Mahmud Trezeqe “Aston Villa”ya 2019-cu ildə Türkiyənin “Kasımpaşa” klubundan transfer olunmuşdu. O, Premyer Liqa təmsilçisində keçirdiyi üç mövsüm ərzində 64 oyuna çıxıb, 9 qola imza atıb. İngiltərə klubu misirli hücumçunu geridə qalan mövsümün ikinci dövrəsində Türkiyənin digər klubu “Başakşəhər”ə icarəyə vermişdi. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 13 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Trezeqe peşəkar karyerasına Misirin “Əl-Əhli” klubunda başlayıb. 2015-2018-ci illər aralığında isə o, Belçikanın “Anderlext” və “Muskron” klublarının formasını geyinib. Misir yığmasında 55 oyunda meydana çıxan futbolçu, 8 qolla yadda qalıb.


