“Traktor” Bəhreyn klubunu keçdi, 1/4 finala yüksəldi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2024/25 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz təmsilçisi turnirin 1/8 final mərhələsi çərçivəsində Bəhreynin “Əl-Xalidiya” klubu ilə qarşılaşıb.

“Traktorçular” səfərdə 2:1 hesabıyla məğlub etdikləri bu rəqiblə bu dəfə doğma meydanda üz-üzə gəliblər. Altı qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib – 3:3. Meydan sahiblərinin heyətində Əmirhüseyn Hosseynzadə (15), Tomislav Ştrkal (32) və Mehdi Torabi (71) fərqləniblər.

Beləliklə, ümumi nəticədə 5:4 hesabıyla qalib gələn “traktorçular” 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Təbriz klubunun növbəti rəqibi daha sonra müəyyənləşəcək.

Xatırladaq ki, “Traktor” İran çempionatında da uğurlu mövsüm keçirir. Komanda hazırda 19 oyuna topladığı 41 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb.

Təbriz klubu çempionatdakı növbəti matçını fevralın 22-də evdə “Xeybər Xorramabad” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: