İyulun 6-dan 8-nə qədər bütün yaş kateqoriyalarını əhatə edən trek velosipedi üzrə növbəti Azərbaycan çempionatı keçirilib.
Arena.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı sayəsində baş tutan yarış Respublika Velotrekində keçirilib.
Azərbaycan çempionatı Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilib. Çempionatın birinci günündə idmançılar QİT (yerindən), ikinci günündə fərdi ötüşmə, üçüncü günündə isə çıxmaqla qrup ötüşməsi növlərində mübarizə aparıblar.
Elit/U23 yaş kateqoriyasında kişilər arasında QİT-1 km (yerindən) yarışında Nofəl Nuriyev (MSN, 01.14.12) hamını qabaqlayıb. 3 km məsafəyə fərdi ötüşmə növündə Samir Cəbrayılov (ROEQİUGVM, 03.46.76) daha sürətli olub. Çıxmaqla qrup ötüşməsində isə Kamran Mirzəxanov (Sərhədçi, 10.04.90) birinci yerə layiq görülüblər.
Gənc oğlanların mübarizəsində QİT-1 km (yerindən) yarışı, 3 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində Tural İsrafilov (ROEQİUGVM, 01.13.21 / 03.47.94 / 10.04.90) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeniyetmə oğlanlar arasında QİT-500 m (yerindən) yarışı, 2 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində Ravi Rzayev (ROEQİUGVM, 37.38 / 02.43.38 / 18.07.16) hamıdan üstün olaraq qızıl medal qazanıb.
Qadınlar arasında isə QİT-500 m (yerindən) yarışında Məryəm Əfqanzadə (ROEQİUGVM, 43.63) qızıl medal qazanıb. 2 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində də Radha Şabanova (ROEQİUGVM, 03.01.89 / 06.16.52) bütün rəqiblərini qabaqlayaraq birinci yerdə qərarlaşıb.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal və diplomlar təqdim edilib.
Trek velosipedi üzrə Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək. Bu nəticələr həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.


