Tresor Mossi milliyə görə “Sumqayıt”dan ayrıldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın yarımmüdafiəçisi Tresor Mossi Burundi yığmasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Burundi yığmasını bu ay DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qambiya və Qabonla oyunlar gözləyir. Sözügedən komanda noyabrın 16-da Qambiya yığmasını, ayın 19-da isə Qabon millisini qəbul edəcək.

Tresor Mossi bu ilin avqust ayından “Sumqayıt”da çıxış edir. 22 yaşlı dayaq yarımmüdafiəçisi müqavilə ilə Belçikanın “Vesterlo” klubuna məxsusdur. O, Azərbaycan klubunda icarə əsasında forma geyinir. Gənc futbolçu Premyer Liqa təmsilçisində 9 oyuna keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Mossi ölkəsinin “Egl Nuar” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Vesterlo”ya keçsə də, bu klubun əsas komandasında rəsmi matça çıxmayıb. Bu üzdən də gənc yarımmüdafiəçi ötən mövsümü Lüksemburqun “Keryenq” klubunda icarədə keçirib. Tresor Burundu yığmasında cəmi 3 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: