Türkiyəli mütəxəssis Tuncay Şanlı TFF Birinci Liqada mübarizə aparan “Çorum” komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanlı futbolçu Coşqun Diniyevin forma geyindiyi “Çorum”la Tuncay Şanlı arasındakı müqavilənin müddəti cari mövsümün sonuna qədər idi. Amma komandanın o qədər də uğurlu nəticələr qazana bilməməsi türkiyəli mütəxəssislə işbirliyinin vaxtından öncə yekunlaşmasına səbəb olub.
Tuncay Şanlı 2025-ci ilin mart ayından “Çorum”a rəhbərlik edirdi. O, bu komandanı cəmi 8 oyuna çıxarıb. Diniyevin komandası bu görüşlərdə 3 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Şanlı daha öncə “Sakaryaspor” və “Ümraniyəspor”un da baş məşqçisi olub.
Coşqun Diniyev bu ilin fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 10 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.
“Çorum” 36 oyuna topladığı 51 xalla 13-cü sırada qərarlaşıb. Coşqunun komandası 36 oyunda 13 qələbə qazanıb, 12 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.