Turan Əliyev də dünya birinciliyində medalsız qaldı

Azərbaycanlı atlet Turan Əliyev Albaniyada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, Albaniyanın Dürres şəhərində təşkil olunmuş dünya birinciliyində Azərbaycan millisinin üzvləri də mübarizə aparırlar.

Bu gün millimizin üzvlərindən biri – Turan Əliyev də körpücük üzərinə çıxıb. O, 67 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 110 kq, təkanla qaldırma hərəkətində isə 131 kq-ı ram edib. Toplam 241 kq (110+131) nəticə göstərən Turan Əliyev bu qrupda 1-ci yeri tutub. Atletimiz yekun sıralamada 9-cu pillədə qərarlaşıb.

Daha öncə Azərbaycan atletlərindən Dəniz Cabbarlı da dünya birinciliyində qüvvəsini sınamış və yekunda 7-ci yeri tutmuşdu.

Xatırladaq ki, aprelin 1-nə qədər davam edəcək ağır atletika üzrə dünya birinciliyində 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet iştirak edir. Azərbaycan millisi bu turnirə 3 atletlə yollanıb. Qarşıdakı günlərdə Ravin Alməmmədov (73 kq) da medal şansını yoxlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: