Turan Əliyev və Yunis Bayramovdan AÇ-də bürünc medal

Azərbaycanlı atletlər Turan Əliyev və Yunis Bayramov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında bürünc medal qazanıblar.

Arena.az xəbər verir ki, 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında təşkil olunmuş qitə birinciliyi iyulun 1-də start götürüb.

Ayın 10-na qədər davam edəcək yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Yaşı 17-yə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində mübarizə aparan Turan Əliyev üçün yarış uğurlu alınıb. Atletimiz birdən qaldırma hərəkətində 114 kq nəticə göstərib və bu hərəkətdə 4-cü yeri tutub. Turan təkanla qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdə də 4-cü olub. Toplam 250 kq (114+136) nəticə göstərən Əliyev yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.

Yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində mübarizə aparan Yunis Bayramov da oxşar uğura imza atıb. Atletimiz birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin bürünc mükafatçısı olub.
Yunis təkanla qaldırma hərəkətində 112 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub. Toplam 211 kq (99+112) nəticə göstərən Bayramov yekun sıralamada 4-cü yeri tutub.

Qızlardan ibarət yığmamızın üzvü Aytən Əliyeva da körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan qızlar arasında 59 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz toplam 140 kq (64+76) nəticə ilə 6-cı yeri tutub.

Xatırladaq ki, bu Avropa birinciliyində daha öncə Amin Osmanov (55 kq) bir qızıl, iki gümüş medal qazanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: