“Turan Tovuz” Azərbaycan Kubokunun 1/8 finalının “Sabah”la ev oyununda ağır zədə almış Denis Marandiçin durumu ilə bağlı açıqlama yayıb.
Arena.az xəbər verir ki, Tovuz klubunun açıqlamasında bunlar qeyd olunub:
“Sabah”la oyunda ağır zədə alaraq oyunu tərk edən futbolçumuz Denis Marandiç dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zədəsi ağır olduğundan Denis Marandiç ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb. Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçun ayağı gipsə qoyulub.
Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.
Qeyd edək ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa, futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək”.
Xatırladaq ki, Marandiç “Turan Tovuz” – “Sabah” matçının 20-ci dəqiqəsində rəqib futbolçunun qapıya zərbə endirməsinin qarşısını almaq istəyərkən ağır zədə alıb. Belə ki, “Sabah”ın hücumçusu Pavol Şafranko topu qapıya göndərmək istəyərkən Denisin ayağına zərbə endirib. Nəticədə moldovalı futbolçunun sol ayağı aşkar şəkildə qırılıb. Müdafiəçinin üzləşdiyi ağır zədəyə görə dərhal təcili tibbi yardım maşını meydana gətirilib. İlkin tibbi müdaxilələrdən sonra o, xəstəxanaya aparılıb. Təxminən 6-7 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub. Denis Marandiçin əvəzində meydana İsmayıl Zülfüqarlı daxil olub.
Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 66 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.
Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 14 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


