“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşdığı “Qarabağ”la oyunun hakim idarəçiliyindən narazı qalıb.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi bununla bağlı sosial şəbəkə hesabı vasitəsilə açıqlama yayıb.
Açıqlamada qarşılaşma zamanı baş hakim Fərid Hacıyevin onların əleyhinə haqsız qərarlar verdiyi iddia edilib. Paylaşımda qeyd olunub ki, “Turan Tovuz”un sayılmayan qolu və “Qarabağ”ın ikinci qolunda Belaydi Pusiyə qarşı olan müdaxilə zamanı referi səhv qərarlar verib:
“Qarabağ”la matçda VAR sistemi olmasına baxmayaraq, top havada ikən hakimin fit çalması və təmiz qolu qeydə almaması nə dərəcədə doğrudur? Eyni zamanda, qapımıza vurulan ikinci qoldan öncə Belaydi Pusiyə qarşı edilən hərəkət cərimə zərbəsi deyilmi? Mövsümün gedişində bir neçə dəfə bütün futbol ictimaiyyətinin də bizimlə həmfikir olduğu haqsızlıqlarla üzləşmişik. Verilməyən penalti, sayılmayan qol, futbolçularımıza göstərilən, lakin rəqiblərə göz yumulan vərəqələr gərgin keçən çempionatda qızıla bərabər xallar itirməyimizlə nəticələnir. Bu səhvlərin VAR sisteminin tətbiq edildiyi məqamda təkrarlanması bizi daha çox narahat edir. Son oyunlarda əleyhimizə verilən ardıcıl qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Hər hansı üstünlük, ayrıcalıq tələb etmirik, təmiz futbol, ədalətli qərarlar istəyirik”.
Xatırladaq ki, “Turan Tovuz” – “Qarabağ” oyunu 2:2 hesabı ilə başa çatıb. Tovuz təmsilçisi hesabda iki dəfə geri düşsə də, hər iki halda tarazlığı bərpa etməyi bacarıb. Sözügedən komanda hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


