Tuxel: “İlk hissə möhtəşəm, ikinci hissə çox çətin keçdi”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın üçüncü yer uğrunda oyununda Fransaya üzərində qazandıqları qələbəni şərh edib.

Arena.az xatırladır ki, kifayət qədər məhsuldar alınmış matçın yekununda 6:4 hesablı qələbəyə sevinmiş ingilislər mundialın bürünc medallarını qazanıblar.

Alman mütəxəssis komandasının ilk hissədə yüksək səviyyədə çıxış etdiyini, ikinci hissədə isə fiziki yorğunluğun özünü göstərdiyini bildirib:

“İlk hissə möhtəşəm, ikinci hissə isə çox çətin keçdi. Bir günlük əlavə istirahətin nə qədər böyük təsir göstərdiyini hər kəs gördü. Bu həftələr ərzində çox yorulmuşduq, gücdən düşmüşdük. Buna baxmayaraq, komandamın göstərdiyi xarakter böyük hörmətə layiqdir. Çətinliklərin öhdəsindən necə gəldiyimiz möhtəşəm idi”.

Tuxel Fransa millisinin oyun cədvəlinin daha əlverişli olduğunu da vurğulayıb:

“Bu matçın fiziki baxımdan çox ağır keçəcəyindən narahat idim. Fransanın sürətli və keyfiyyətli futbolçulara malik olduğunu bilirdik. Onların yarımfinalla bu oyun arasında bizdən bir gün artıq istirahəti var idi, daha az səfər etmişdilər. Biz isə həm isti havada, həm də yüksəklikdə oynadıq.

Futbolçuların vəziyyətindən narahat idim. İkinci hissədə onların necə yorulduğunu, ayaqlarının qıc olduğunu gördünüz. Amma xarakter baxımından heç bir narahatlığım yox idi.

Daha əvvəl də demişdim ki, bu komanda xüsusi bir kollektiv formalaşdırıb və bunu bir daha sübut etdi”, deyə Tuxel vurğulayıb.

“İstəyimizə çata bilmədik” – Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam isə məğlubiyyətdən sonra komandasının ilk hissədəki çıxışını sərt tənqid edib:

“Bu, məğlubiyyətdir. İlk hissəni 0:4 hesabı ilə uduzduq və çox pis oynadıq. Amma sonra xarakter nümayiş etdirdik və yaxşı işlər də gördük. Hesabı 4:4 etmək üçün iki real imkanımız oldu. Bundan sonra daha çox risk etdik.

Bu mənim məsuliyyətimdir. Görünür, ilk hissədə lazım olan qərarları verə bilmədim. Ən azından ikinci hissədə əsl futbol oynadıq, baxmayaraq ki, bu məğlubiyyət çox ağrılıdır. Təbii ki, üçüncü yeri tutmaq daha yaxşı olardı”.

Fransız mütəxəssis mundialı ümumilikdə uğursuz hesab etmədiyini də bildirib:

“Biz bu turnirə böyük hədəflərlə gəlmişdik və bir çox müsbət məqamlar da oldu. İspaniya ilə oyunda istəyimizə çata bilmədik. Bu, tam uğursuzluq deyil. Gənc və keyfiyyətli komandamız var, onlar inkişaf etməyə davam edəcəklər.

Bu futbolçularla keçirdiyim səkkiz həftə mənim üçün gözəl təcrübə oldu. İdman baxımından məyusuq, amma milyonlarla fransıza emosiyalar yaşada bildik. Dünya çempionatından daha gözəl turnir yoxdur”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: