Portuqaliyanın “Şaveş” klubundan azad agent kimi ayrılmış müdafiəçi Tyaqo Almeyda bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, 2026/2027-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb. Sözügedən klub Portuqaliyadan olan sağ cinah müdafiəçisi Tyaqo Almeydanı heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 1 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. Portuqaliyalı futbolçu yeni komandasında “21” nömrəli formada çıxış edəcək.
Tyaqo Almeyda futbola ölkəsinin “Anadiya” klubunda başlayıb. Daha sonra “Tondela”da oynamış müdafiəçi 2024-cü ildən “Şaveş”də çıxış edirdi. Portuqaliyanın U-21 yığmasında da 1 oyun keçirmiş futbolçu “Şaveş”də 40 görüşə çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.


