U-17: Avropa ikincisi olmuş Azərbaycan millisi Bakıya qayıtdı

Albaniyanın Tirana şəhərində keçirilmiş U-17 Avropa çempionatında uğurlu çıxış etmiş sərbəst güləş üzrə Azərbaycan millisi vətənə qayıdıb.

Arena.az xəbər verir ki, 4 qızıl və 3 bürünc medal əldə edən millimiz böyük coşğuyla qarşılanıb.

Hava limanında millimizin məşqçiləri və güləşçiləri öz fikirlərini bölüşüblər.

Əsgərxan Novruzov, böyük məşqçi: “Belə möhtəşəm qarşılamaya görə təşəkkürümüzü bildiririk. Ötən il 6 qızıl medal qazanmışdıq. Komanda hesabında çempion olmuşduq. Ancaq bu nəticəni hər dəfə təkrarlamaq olmur. Bu il Rusiya və Belarus güləşçiləri də iştirak edirdi. Komanda hesabında 2-ci olsaq da, 10 mümkün qızıldan 4-nü biz əldə etdik. Bəzi çəkilərdə zəif çıxış etdik. Dünya çempionatında bəzi çəkilərdə başqa güləşçilərə şans verəcəyik. Əlimizdən gələni edəcəyik ki, komanda hesabında ilk dəfə dünya çempionu olaq. Hacı və Yusif finalda ermənilərlə qarşılaşdı. Həmin gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Bu qələbələri o başda olmaqla, bütün şəhidlərimizin ruhuna həsr edirik”.

“4 qızıl, 3 bürünc medal böyük nəticədir”

Cəfər Cəfərov, Avropa çempionu: “Ən çətin görüşüm Türkiyə güləşçisiylə oldu. Digər rəqiblərlə qarşılaşmalar rahat keçdi. İnşallah, dünya çempionu da olarıq”.

Hacı Kərimov, Avropa çempionu: “Türkiyə, Rusiya, Fransa və Ermənistan güləşçilərinə qalib gələrək Avropa çempionu oldum. Qələbəmi bütün şəhidlərimizə həsr edirəm. Allah onlara rəhmət eləsin. İnşallah, DÇ-də komanda hesabında bundan da yaxşı nəticə göstərərik”.

Camal Abbasov, Avropa çempionu: “Ötən il Rumıniyada Avropa çempionu olmuşdum. Bu dəfə Albaniyada qızıl medal qazandım. Ötən il DÇ-də uğursuzluqla üzləşdim. Bu dəfə çalışacağam ki, medal qazanım”.

Yusif Dursunov, Avropa çempionu: “Ötən il qızıl medal qazanmışdım. Bu il də eyni nəticəni təkrarladım. 4 qızıl, 3 bürünc medal böyük nəticədir. Bunda məşqçilərimizin rolu böyükdür. Millimizin məşqçilərinə və şəxsi məşqçimə təşəkkür edirəm. Yusif müəllimə də Allahdan rəhmət diləyirəm. İnşallah, bu uğurlu nəticələrin davamı gələr. Əziyyətimiz yerdə qalmaz. Bu il gənclərin Avropa çempionatında da iştirak edəcəyəm. Çətin olsa da, həmin yarışda da çempion olmaq istəyirəm”.

Xatırladaq ki, komandamızın heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub. Onların bu uğuru sayəsində Azərbaycan millisi komanda hesabında 2-ci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: