İstanbulda keçirilən U-17 dünya çempionatında 5 medalla komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
Arena.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmamız üçün ənənəvi qarşılanma mərasimi keçirilib.
Böyük məşqçi Taleh İsrafilov jurnalistlərə açıqlamasında komandanın çıxışından razı qaldığını bildirib:
“Təşkilatçılıq yüksək səviyyədə idi. Uzun müddət idi ki, belə güclü dünya çempionatı olmamışdı. 60 ölkədən 600-ə yaxın idmançı var idi. Komandamız 80 faiz üzərinə düşün öhdəsindən gəldi. Bir-iki çəkidə fərdi səhvlər olmasaydı, komanda hesabında dünya çempionu ola bilərdik. Ancaq ümumi götürəndə təbii ki, bu nəticədən razıyıq. Bu yarışda güclü rəqabət var idi”.
Dünya çempionu Turan Daşdəmirov (45 kq) qələbəsini belə şərh edib:
“Yaponiya və Qırğızıstan güləşçilərinə tam üstünlüklə qalib gələrək yarımfinala yüksəldim. Daha sonra İran güləşçisini 5:1 hesabıyla məğlub edərək finala vəsiqə qazandım. Son görüşdə də Avropa çempionatında məğlub etdiyim Rusiya güləşçisinə qalib gələrək dünya çempionu oldum. Gələn il də bu uğuru təkrarlamağa çalışacağam. Qazandığım bu uğurlara görə, şəxsi və yığma komandamızın məşqçilərinə təşəkkür edirəm”.
Digər dünya çempionu Roman Kərimov (60 kq) isə bunları deyib:
“Dünya çempionatına yaxşı hazırlaşmışdıq. Çətin yarış oldu. Hindistan, Ekvador, Rusiya və Gürcüstan güləşçilərinə qalib gəldim. Türkiyəli azarkeşlərin də dəstəyini də hiss edirdik. İndiyə kimi cəmi 2 dəfə Antalyada keçirilən “Qələbə” kubokunda iştirak etmişəm. Avropa və dünya çempionatlarında güləşməmişdim”.
Xatırladaq ki, U-17 dünya çempionatında Turan Daşdəmirovla (45 kq) Roman Kərimov (60 kq) qızıl medala sahib çıxıblar. Yusif Əhmədli (65 kq) gümüş, Elnar Cavadov (48 kq) və Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıblar.


