Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən (U-18) basketbol üzrə Avropa çempionatının C divizionunun oyunları davam edir.
Arena.az xəbər verir ki, Azərbaycan millisi bu gün 5-ci yer uğrunda həlledici oyuna çıxıb.
Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi komandamız Bakıda San Marino seçməsi ilə üz-üzə gəlib. Millimiz “Sərhədçi” İdman Mərkəzində baş tutan bu oyunda 69:63 hesablı qələbəyə sevinib. Nəticədə Azərbaycan komandası Avropa çempionatının C divizionunda 5-ci yeri tutub.
Xatırladaq ki, basketbol yığmamız qrup mərhələsindəki ilk oyununda Malta seçməsinə 73:54 hesabı ilə qalib gəlsə də, sonradan Kipr yığmasına 48:78, Moldova komandasına da 64:70 hesabıyla uduzmuşdu. Bu üzdən 5-9-cu yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalan komandamız bu yoldakı ilk sınağında Cəbəllüttariq seçməsinə 75:58 hesabıyla qalib gəlmişdi. U-18 millimiz daha sonra Andorra yığmasını da 81:55 hesabıyla məğlub etmiş və 5-ci yer uğrunda oynamaq hüququ qazanmışdı.
Qeyd edək ki, Avropa çempionatının C divizionunun final oyunu Monako və Cənubi Kipr yığmaları arasında keçiriləcək. Bakıda baş tutacaq həlledici görüşə saat 20:00-da start veriləcək.


