18 yaşa qədər oğlanlardan ibarət Azərbaycan millisi (U-18) basketbol üzrə Avropa çempionatının C Divizionunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız yarışın yarımfinalında Albaniya seçməsi ilə qarşılaşıb.
Albaniyanın Elbasan şəhərində baş tutan oyun millimiz üçün uğurlu alınıb. Basketbolçularımız bu rəqib üzərində 62:41 hesablı rahat qələbə qazanıblar.
18 xal toplamış millimizin üzvü Derin Berköz qarşılaşmanın ən məhsuldar basketbolçusu seçilib.
Bu qələbə ilə millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin iyulun 28-da baş tutacaq final oyunundakı rəqibi Lüksemburq – Ermənistan görüşünün qalibi olacaq.
Xatırladaq ki, basketbol üzrə U-18 millimiz bu Avropa çempionatının qrup mərhələsində Moldova (87:76) və Ermənistan (76:69) yığmalarına qalib gələrək yarımfinala yüksəlmişdi.


