18 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi (U-18) Avropa çempionatının C Divizionunda bu gün ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandamız yer aldığı B qrupunda Gürcüstan millisi ilə qarşılaşıb.
Kosovonun paytaxtı Priştinada təşkil olunmuş qarşılaşma yığmamızın 74:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Şilan Akbingöl (19 xal, 11 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız Avropa çempionatının yarımfinalına vəsiqəni təmin ediblər.
Xatırladaq ki yığmamız ilk turda Albaniya seçməsinə də 72:53 hesabıyla qalib gəlmişdi.
Qeyd edək ki, U-18 yığmamız B qrupundakı son görüşünü sabah Ermənistana qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.


