U-20 Avropa çempionatı: Güləşçilərimiz 4 medalla başladılar

Ötən gün İspaniyanın Santyaqo de Kompostela şəhərində 20 yaşadək güləşçilər arasında U-20 Avropa çempionatı start götürüb.

Arena.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Bu gün isə sözügedən çəki dərəcələrində qaliblər müəyyənləşib.

Martda 60 kq-da U-23 Avropa çempionatının qalibi olmuş Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlmişdi. Əliyev sırayla ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türkiyəli Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyükhesablı qələbə qazanmışdı. Elmir bu gün finalda ukraynalı Marko Voloşinə də tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.

Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılmışdı – 5:8. Rəqib finaladək irəlilədiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanmışdı. Mustafayev bu gün çexiyalı Matous Yankeviçi mübarizədən kənarlaşdırıb – 3:0. Fəraim türkiyəli Furkan Erkenə də 13:10 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Davud Məmmədov (77 kq) 1/8 finalda ermənistanlı Vahe Hovannisyana şans tanımamışdı – 7:1. Məmmədov növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olmuşdu – 4:2. Davud yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırmışdı. Pəhləvanımız bu gün həlledici görüşdə rumıniyalı Aleksandru Soloveyə 5:7 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.

Mübarizəyə 1/4 finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlmişdi. Yarımfinalda Estoniyalı Eerik Pankla görüş dramatik alınmışdı. 0:7 hesabıyla geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək yekunda 8:7 hesablı qələbə qazanmışdı. Məzaim bu gün finalda macarıstanlı Laşlo Darabosla bacarmayıb (0:9) və Avropa ikincisi olub.

Qeyd edək ki, U-20 Avropa çempionatı iyulun 2-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: