Azərbaycan güləşçisi Cocu Səmədov İspaniyada 20 yaşadək güləşçilər arasında keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, İspaniyanın Pontevedra şəhərində təşkil olunmuş güləş üzrə U-20 dünya çempionatı davam edir.
İkinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşiblər.
Rahim Həsənov (55 kq) təsəlliverici görüşdə çinli Huoyinq Şiyə tam üstünlüklə (10:1) qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada rusiyalı Alibek Amirova uduzaraq (0:10) mundialı 5-ci pillədə başa vurub.
Məhəmməd Şükürzadə (63 kq) təsəlliverici görüşdə iranlı Erfan Carkaniyə 1:3, Məzaim Mərdanov (130 kq) isə təsəlliverici görüşdə qırğızıstanlı Samaqan Ormonova 0:9 hesabıyla məğlub olublar.
Cocu Səmədov (87 kq) finalda qazaxıstanlı Asan Janişovla qarşılaşıb. Rəqibinə məğlub olan (0:8) güləşçimiz gümüş medalı boynundan asıb.
Qeyd edək ki, sentyabrın 2-də başlamış U-20 dünya çempionatına ayın 8-də yekun vurulacaq.


