U-20 Dünya çempionatı: Sərbəst güləş yığmamızdan fiasko!

İordaniyanın paytaxtı Amman şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın ikinci və üçüncü günlərində 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıblar.

Bu çəki dərəcələrində Azərbaycan təmsilçilərindən heç biri medal qazana bilməyiblər.

Musa Ağayev (61 kq) təsnifat mərhələsində yaponiyalı Rin Sakamotoya “tuş”la məğlub olub.

Elxan Qarayev (74 kq) 1/8 finalda amerikalı Mişel Mesenbrinkə müqavimət göstərə bilməyib – 1:12. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Qarayev moldovalı Yon Markuya tam üstünlüklə (13:2) qalib gəlsə də, hindistanlı Jaydep Jaydepə “tuş”la uduzub.

Təbriz Bayramov (86 kq) 1/8 finalda türkmənistanlı Orazmuhammet Hocaliyevə 3:9 hesabıyla məğlub olub.

Rəvan Musayev (92 kq) yaponiyalı İssa Kikuçiyə “tuş”la qalib gələrək 1/8 finala yüksəlsə də, ermənistanlı Knyaz İboyana minimal fərqlə (2:3) uduzub.

Yusif Dursunov (125 kq) Şimali Makedoniya təmsilçisi Teodor Georgiyevə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Səid-Həsən Axmatova (1:5), təsəlliverici görüşdə isə hindistanlı Rajat Ruhala (4:14) məğlub olub.

Beləliklə, dünya çempionatında sərbəst güləş üzrə yarış Azərbaycan yığması üçün uğursuz başa çatıb. Güləşçilərimizdən yalnız Ali Tsokayev (79 kq) bürünc medal qazanıb. Yekunda 45 xal toplayan yığmamız komanda hesabında 9-cu yeri tutmaqla zəif nəticə göstərib. İran (165) birinci, ABŞ (152) ikinci, Hindistan (102) üçüncü yeri tutub.

Dünya çempionatının üçüncü günündə 2 qadın güləşçimiz də mübarizəyə qoşulub.

Elvina Kərimzadə (50 kq) 1/8 finalda slovakiyalı Reka Heqedusa minimal fərqlə (1:2) məğlub olub.

Əsmər Cankurtaran (55 kq) isə 1/8 finalda macarıstanlı Roza Şenttamasiyə “tuş”la uduzub.

Avqustun 14-də start götürmüş dünya çempionatı ayın 20-də başa çatacaq. Azərbaycan yığmaları mundiala bütövlükdə 22 güləşçi ilə yollanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: