“Udineze”yə qarşı dələduzluq ittihamı

İtaliya prokurorluğu A Seriyası təmsilçisi “Udineze”yə qarşı, klub maliyyə fırıldaqlarında şübhəli bilindiyi üçün araşdırmalara başlayıb.

Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, “Udineze” 2018-ci ildə “Yuventus”dan müdafiəçi Rolando Mandraqoranın transferində maliyyə fırıldağına yol verməkdə təqsirli bilinir.

Mənbənin məlumatına görə, “Udineze” Mandraqoranın transferi ilə bağlı nəzarət orqanlarına saxta hesabatlar təqdim edə bilər və o cümlədən bu, sənədlərin saxtalaşdırılması yolu ilə həyata keçirilmiş ola bilər. Klub həmçinin “Yuventus”dan futbolçunu iki ildən sonra, yəni 2020-ci ildə geri alması üçün “Qoca sinyora” ilə əvvəlcədən razılaşmada şübhəli bilinir.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarının “Udineze” qərargahında axtarış apardıqları və müxtəlif sənədlərin ələ keçirildiyi vurğulanır. Klub prezidenti Franko Soldati və onun ortağı Stefano Kampoççi şübhəli şəxs qismində işə cəlb ediliblər.
Hazırda “Udineze” 12 turdan 11 xalla İtaliya A Seriyasının 16-cı pilləsində qərarlaşdıb.

Vurğulayaq ki, İtaliya hüquq-mühafizə orqanları müvafiq hallara qarşı güzəştsiz mövqe tuturlar. Təqsiri sübuta yetiriləcəyi halda “Udinese” ən yaxşı halda pul cəriməsi və turnir xallarından məhrumetmə cəzası ilə üzləşə bilər. Ən pis halda isə klub aşağı diviziona atıla və ya buraxıla bilər. Sonuncu hala təcrübədə rast gəlinməyib, amma qanun bunu etməyə imkan verir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: