Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Madrid “Real”ı İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi “Liverpul”la bu dəfə doğma meydanda qarşılaşıb. Madrid təmsilçisi bu rəqibinə evdə də qalib gəlib və 1/4 finala vəsiqə qazanıb.
Gecənin digər matçında isə “Napoli” İtaliyada “Ayntraxt”la üz-üzə gəlib. Neapol təmsilçisi ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanmışdı. “Napoli” doğma meydanda daha böyük hesabla qələbə qazanıb və sürprizə imkan verməyib.
Bununla da UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə bütün vəsiqələr sahibini tapıb. Daha əvvəl Almaniyanın “Bayern”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter” komandaları növbəti mərhələyə vəsiqə qazanmışdılar. Bu mərhələdə hansı komandaların qarşılaşacağına püşk aydınlıq gətirəcək. 1/4 final mərhələsinin püşkatma mərasimi martın 17-də təşkil olunacaq. Bu mərhələnin ilk oyunları 11-12 apreldə, cavab qarşılaşmaları aprelin 18 və 19-da keçiriləcək. Yarımfinal mərhələsinin ilk oyunları 9-10 mayda, cavab görüşləri 16-17 mayda baş tutacaq, bu mövsümün həlledici qarşılaşması iyunun 10-da İstanbuldakı “Atatürk Olimpiya Stadionu”nda təşkil olunacaq.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
15 mart
“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) 1:0
Qol: Benzema, 79.
Baş hakim: Feliks Tsvayer (Almaniya).
İlk oyun – 5:2.
Madrid, “Santyaqo Bernabeu” stadionu.
“Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) 3:0
Qol: Osimhen, 45+2; 53. Zelinski, 64-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə).
İlk oyun – 2:0.
Neapol, “Dieqo Armando Maradona” stadionu.


