Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsindəki bütün cütlər bəlli olub.
Arena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində mübarizə aparan komandalardan 12-si növbəti mərhələyə vəsiqə qazanıb.
Onlar mübarizəyə birbaşa bu raunddan qoşulacaq daha 8 klubla birgə 3-cü raundun 10 cütünü müəyyənləşdiriblər.
Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış Polşa “Rakuv”u bu mərhələdə Kipr təmsilçisi “Aris”lə (Limassol) qarşılaşacaq. Polşalılar ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcəklər.
Türkiyə çempionu “Qalatasaray” isə 3-cü raundda Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasına rəqib olub. İstanbul nəhəngi bu mərhələdə də ilk oyunu səfərdə, cavab matçını evdə keçirəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su (Xorvatiya) isə bu mərhələdə Yunanıstanın AEK kollektivi ilə üz-üzə gələcək. İlk oyun Yunanıstanda, cavab qarşılaşması Xorvatiyada baş tutacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Rakuv” (Polşa) – “Aris” (Kipr)
“Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail)
AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə)
“Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya)
“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç)
Liqa yolu
“Braqa” (Portuqaliya) – TSÇ (Serbiya)
“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)
“Panatinaikos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa)
PSV (Niderland) – “Şturm Qraz” (Avstriya)


