UEFA Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demiralın 2 oyunluq diskvalifikasiya edilməsi haqda müvafiq qərarını rəsmən açıqlayıb.
Arena.az məlumat verir ki, UEFA-nın fikrincə, Demiral AÇ-2024-ün 1/8 final mərhələsinin Avstriya yığması ilə oyununda (2:1) vurduğu qolu qeyd edərkən, türk sağçı millətçilərin əl hərəkətini nümayiş etdirib.
Xatırladaq ki, Demiral Avstriya yığması ilə oyunda hər iki qolun müəllifi olmuşdu.
Beləliklə, Demiral Türkiyə millisinin AÇ-2024-ün 1/4 finalında Niderland yığmasına qarşı oyununu, “ay-ulduzlular” yarımfinala çıxacaqları halda isə bu mərhələdəki oyunu buraxmalı olacaq.
Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti UEFA-nı Demiralı cəzalandırmağa səsləmiş, Türkiyə hökuməti isə məsələyə siyasi rəng qatmamağı tövsiyə etmişdi.
Merih Demiral isə öz mövqeyini türk olduğu ilə fəxr etdiyini vurğulamaqla açıqlamışdı.
Bu arada Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiral UEFA-nın müvafiq qərarından şikayət ünvanlayıblar. Türkiyə tərəfi futbolçusunun müdafiəsi üçün UEFA-ya onlayn ərizə təqdim edib. Müraciətə 24 saat ərzində baxılacaq və müvafiq qərar veriləcək.
Merih Demiral futbola “Karamürsel” klubunda qədəm qoyub. Buradan “Fənərbaxça”nın futbol akademiyasında yol tapmış müdafiəçi sonralar Portuqaliyaya yollanıb. O, Portuqaliyada “Alkanenense” və Lissabon “Sportinq”ində çıxış edib. Sonralar türk müdafiəçi “Alanyaspor”, “Sassuolo”, “Yuventus” və “Atalanta”nın uğurları üçün çalışıb.
2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Əhli” Merih Demiralı 16,6 milyon avro məbləğ müqabilində “Atalanta”dan tamhüquqlu keçid əsasında öz heyətinə qatıb. Ərəb klubunun türk futbolçu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Demiral “Əl-Əhli”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Merih Demiral 2018-ci ilin noyabrında debüt etdiyi Türkiyə millisinin heyətində 48 oyun keçirib. Müdafiəi bu matçlarda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
Merih Demiralın qənimətlər müzeyində “Yuventus”la qazandığı 3 kubok var – İtaliya A Seriya (2019/2020), İtaliya Kuboku (2020/2021) və İyaliya Super Kuboku (2020/2021).
“Transfermarkt” internet-portalı 26 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.


