UEFA Super Kuboku Astanada keçiriləcək – Rəsmi

2028-ci ildə futbol üzrə UEFA Super Kuboku uğrunda matç Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil ediləcək.

Arena.az xəbər verir ki, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Salonikidə keçirilən iclasında qəbul olunub.

Qarşılaşma “Astana Arena” stadionunda baş tutacaq. Matçda 2027/2028-ci illər mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri üz-üzə gələcəklər.

Qeyd edək ki, 2027-ci il UEFA Super Kuboku Amsterdamdakı “Yohan Kroyff Arena”da keçiriləcək.

Beləliklə, Qazaxıstan tarixində ilk dəfə Avropa klub turnirinin kuboku uğrunda həlledici qarşılaşmaya ev sahibliyi edəcək.

2009-cu ildə istifadəyə verilmiş “Astana Arena” 30,2 min tamaşaçı tutumuna malikdir. Stadion Qazaxıstanın “Astana” klubunun və Qazaxıstan milli komandasının da ev oyunlarını keçirdiyi arenadır.

Salonikidəki iclasda avrokubokların növbəti mövsümlərindəki final matçlarına ev sahibliyi edəcək stadionlar da müəyyənləşib.

Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il həlledici matçına Fransanın Lion-Desin şəhərindəki “Park Olimpik Lionne”, 2029-cu il finalına isə Uelsin Kardiff şəhərindəki “Milli Stadion” ev sahibliyi edəcək.

Avropa Liqasının 2028-ci ildə keçiriləcək final qarşılaşması Rumıniyanın Buxarest şəhərindəki “Milli Arena”da, 2029-cu il finalı isə Serbiyanın Belqrad şəhərindəki “Milli Stadion”da təşkil olunacaq.

Avropa Konfrans Liqasında 2028-ci ilin qalibi İtaliyanın Turin şəhərindəki “Yuventus Stadionu”nda, 2029-cu ilin çempionu isə Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da bəlli olacaq.

Futzal üzrə Çempionlar Liqasının 2027-ci ildəki final mərhələsi İsveçrənin “Biel/Bienne Arena” idman kompleksində baş tutacaq.

İcraiyyə Komitəsi həmçinin 2026/2027 mövsümü UEFA Millətlər Liqasının pley-off sistemində dəyişiklikləri təsdiqləyib. Bu addım 2028/2029 mövsümündən etibarən turnirin dörd əvəzinə üç liqadan ibarət olmasını nəzərdə tutan yeni konseptə səlis keçidi təmin etmək məqsədi daşıyır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: