UEFA 2023/2024 mövsümündə Ukrayna Premyer Liqasında 4-cü yeri tutmuş “Dnepr-1” klubunu Avropa Konfrans Liqasından kənarlaşdırıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Ukrayna təmsilçisi “Dnepr-1” iyulun 25-də və avqustun 1-də Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Puşkaş Akademiyası” klubu ilə oyunlar keçirməli idi. Amma UEFA bu oyunları ləğv edərək Ukrayna klubunu Konfrans Liqasında iştirakdan məhrum edib.
Qərarda qeyd olunur ki, Macarıstanın “Puşkaş Akademiyası” ilə oyunlar “Dnepr-1”in günahı üzündən baş tutmayacaq. Bu səbəbdən Ukrayna klubuna hər iki oyunda avtomatik olaraq 0:3 hesabı ilə məğlubiyyət veriləcək. Buna Ukrayna klubunun maliyyə intizamını pozması səbəb göstərilib.
Xatırladaq ki, bundan əvvəl “Dnepr-1” Ukrayna Premyer Liqasından da uzaqlaşdırılıb. 2015-ci ildə “Dnepr-1” adı ilə fəaliyyətini davam etdirən klub (əvvəlki adı “Dnepr”) iflas ərəfəsindədir. Bu üzdən də klub böyük ehtimalla fəaliyyətini tam dayandıracaq.
“Dnepr-1” Ukrayna Premyer Liqasında 29 oyunda 49 xal toplayaraq, 2023/2024-cü illər mövsümünü yarış cədvəlinin 4-cü pilləsində başa vurub.
Xatırladaq ki, ötən mövsüm Konfrans Liqasının qalibi finalda “Fiorentina”ya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlmiş Pirey “Olimpiakos”u olub.


