Umut Nayir “Beşiktaş”dan ayrıldı, “Girəsunspor”a keçdi

Türkiyənin “Beşiktaş” klubu hücumçusu Umut Nayir ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Umut Nayir 2018-ci ildə “Osmanlıspor”dan “Beşiktaş”a transfer edilmişdi. O, bu müddətdə “Bursaspor” və “Hayduk” (Split) klublarında icarədə də olub. Hücumçu daha öncə “Ankaragücü”, “Yeni Malatyaspor” və “Göztəpə” kimi klubların da formasını geyinib.

Artıq Umutun yeni iş yeri də məlumdur. O, Super Liqanın digər təmsilçisi “Giresunspor”a keçib. Bu barədə sözügedən klub məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Yeri gəlmişkən, “Giresunspor” Umut Nayirin transferini açıqlayarkən, iki oyunçusu ilə də vidalaşdığını bəyna edib. Komandanın kapitanı Eren Tozlu ilə Caner Hüseyin Bağ Super Liqada Giresun təmsilçisinin formasını geyinə bilməyəcək. 44 il sonra elitada oynamaq fürsəti qazanan klub, bu iki oyunçuya xidmətlərinə görə təşəkkür edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: