Almaniyanın “Union Berlin” klubunun bir dəstə radikal azarkeşi Neapol küçələrinə axışaraq, nalayiq davranışları ilə ziyanavərlik ediblər.
Arena.az “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir ki, hadisə Çempionlar Liqasının qrup mərhələsinin “Napoli” ilə oyunu ərəfəsində, noyabrın 7-də, axşam saatlarında baş verib.
Kapüşonlu ağ svitşot geyinmiş 250-yə yaxın alman azarkeş Neapol küçələrinə axışaraq, müxtəlif xuliqanlıq və vandalizm əməlləri törətməyə başlayıblar. Avtomobillərə, ətrafdakı tikililərə, şəhər küçələrinə xeyli ziyan dəyib. Yerli sakinlər azğın dəstəni “ziyankar çəyirtkələr” olaraq təsvir ediblər. Qızmış dəstə üzvləri kütlə halında hərəkət edərək, qarşısına çıxanı söküb-dağıtmala, müxtəlif şüarlar, söyüş və qışqırtılar altında irəliləyiblər. Neapol polisi “Union” azarkeşlərinin biabırçı davranışına cavab olaraq fəaliyyətə keçib. Xuliqanlar polisə hücum çəkməkdən də çəkinməyiblər. Tərəflər arasında toqquşma baş verib, xuliqanlar polis nəfərlərinin bir neçəsinə xəsarət yetirə biliblər. Polis gözyaşardıcı qazdan və işıq-küy qumbaralarından istidadə etməli olub. Çevik əməliyyat nəticəsində hadisə nəzarətə götürülüb, “qoçular”dan 11 nəfəri polisin əlinə keçib. Dəstənin qalan üzvləri əkilib aradan çıxmağa macal tapıblar.
Saxlanılmış 10 nəfər vandalizmdə ittiham edilir. Digər xuliqan isə polis əməkdaşlarına xəsarətdə təqsirləndirilir.
Vurğulanır ki, “Dəmir ittifaq”ın azarkeşləri “Neapol” azarkeşləri ilə münaqişə etməyiblər.
Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Napoli” doğma meydanda məhz “Union Berlin” ilə üz-üzə gələcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək. İtaliya çempionu hazıra 6 xalla ikinci, xalsız olan Almaniya təmsilçisi isə sonuncu pillədə qərarlaşıb.


