Usseynu Ba “Başakşəhər”də – Rəsmi

Futbol üzrə Seneqal yığmasının və Yunanıstanın “Olimpiakos” klubunun mərkəz müdafiəçisi Usseynu Ba “Başakşəhər”ə keçib.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Usseynu Ba “Olimpiakos”a 2019-cu ilin yanvarında Fransanın “Ayaçço” klubundan 500 min avro müqabilində keçib. O, bu komandada 113 oyuna çıxıb, 1 qol da vurub. Ba Seneqal yığmasında da 2 oyun keçirib.

Beş ayrılıq

“Başakşəhər” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Hücumçu Stefano Okaka və sol cinah vingeri Munir Şuyar azad agent kimi komandanı tərk ediblər. Onların karyeralarını harada davam etdirəcəyi hələ bilinmir.

Okaka “Başakşəhər”ə 2021-ci ilin sentyabrında 1,5 milyon avro müqabilində keçmişdi. 34 yaşlı Nigeriya əsilli italiyalı futbolçu Super Liqa təmsilçisində 69 oyun keçirib, 19 qol və 6 assistlə yadda qalıb. O, “Udineze”, “Roma”, “Anderlext”, “Sampdoriya”, “Uotford”, “Spetsiya”, “Modena”, “Breşiya”, “Parma”, “Fulhem”, “Bari” kimi klubların da formasını geyinib.

Şuyar isə “Başakşəhər”ə ötən ilin yayında “Dijon”dan 1,5 milyon avro qarşılığında gəlmişdi. O, İstanbul təmsilçisində 30 oyuna 2 qol vurub, 9 assist edib. Mərakeş əsilli fransız futbolçu “Lans”, “Yeni Malatyaspor”, “Kasımpaşa” kimi klublarda da forma geyinib.

“Başakşəhər”in hücumameyilli yarımmüdafiəçisi Naser Şadli də Belçikanın “Vesterlo” klubuna keçib. 34 yaşlı vinger yeni klubu ilə 1 illik sözləşmə imzalayıb. “Başakşəhər”də 51 oyuna 6 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan Şadli, “Tvente”, “Tottenhem”, “Apeldorn”, “Vest Bromviç”, “Monako” kimi klublarda da forma geyinib. O, Belçika yığmasında da 66 oyuna 8 qol vurub.

“Başakşəhər” vaxtilə Azərbaycanın U-19 və U-21 yığmalarında oynamış sol cinah müdafiəçisi Emre Kaplanı da “Ümraniyəspor”a icarəyə verib. Daha öncə “Bandırmaspor”da icarədə olmuş futbolçu mövsümün sonuna kimi azərbaycanlı futbolçu Coşqun Diniyevlə bir komandada çıxış edəcək. Emre vaxtilə “Hatayspor” və “Adanaspor”da da icarədə olub.

“Başakşəhər”in mərkəz müdafiəçisi Ahmed Tuba isə İtaliyanın “Leççe” klubuna keçib. A Seriyası təmsilçisi 25 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. Fransada dünyaya göz açmış, Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu 2021-ci ildən Əlcəzair yığmasına dəvət alır. O, millidə 11 matç keçirib. “Başakşəhər”də 40 oyuna 1 qol vurmuş futbolçu “Valveyk”, “Beroe”, “Leuven”, “Brügge” kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: