“Valensiya” – “Real” oyunundakı hakim qalmaqalı böyüyür – Video

La Liqanın 27-ci tur “Valensiya” – “Real” oyununda (2:2) hakim “qaymaqlılar”ın qolunu hesaba almayıb, Cud Bellingemi isə meydandan qovub.

Arena.az məlumat verir ki, baş hakim Xesus Xil Mansanonun oyuna əlavə edilmiş təzminant vaxtının son saniyələrində çıxardığı hoqqa bütün İspaniya futbol məbədini ayağa qaldırıb.

Hadisə isə belə baş verib:

Oyunun gedişində 0:2 hesabı ilə geri olan “Real” braziliyalı vingeri Vinisius Juniorun vurduğu 2 qolla (45+5’, 76’) bərabərliyi təmin edib – 2:2.

İkinci hissəyə əlavə edilmiş 9-cu təzminat dəqiqəsində (99-cu dəqiqə) Cud Bellingem Braim Diasın ötürməsindən qol vurub, amma hakim Xesus Xil Mansano bu qolu hesaba almayıb. Belə ki, “Real”ın cərimə meydançasına ötürməsi zamanı top havada ikən və qapıdan keçərkən, hakim oyunun bitməsini ifadə edən fiti üç dəfə çalaraq, aləmi bir-birinə qatıb.

Hamının bir anlıq çaşqınlığa qapıldığı bir məqamda “Real”ın futbolçuları baş hakim Xesus Xil Mansanonu araya alaraq onunla mübahisə etməyə başlayıblar. Bellingem qeyzlənərək: “Bu, biabırçılıqdır! Top axı havada idi, bu, lənətəgəlmiş qoldur! Nə edirsən?”, deyə hakimə təpinib. Əvəzində, 90+10-cu dəqiqədə hakim Bellingemə aqressiv davranışı səbəbilə qırmızı vərəqə göstərib.

Oyun elə, 2:2 hesabı ilə başa çatıb. “Real” yarış cədvəlinin zirvəsində 66 xalla mövqeyini qoruyub, “Valensiya” isə 26 oyundan 37 xalla 9-cu pillədədir.

“Cadena SER” dərgisi xəbər verir ki, oyundan sonra hakimin qərarından qəzəblənmiş “Real”ın futbolçuları – Vinisius Junior, Antonio Rüdiger və Daniel Sebalyos paltardəyişmə otağına yollanarkən, tribunlaraltı məkanda dava salıblar. Orelyen Tçuameni isə vurub televiziya kamerasını sındırıb. Üstəlik, fransalı futbolçu özünü “X” sosial şəbəkə hesabında oyunda baş vermiş hadisəyə dair “Bu, biabırçılıqdır”, deyə qısaca şərh verib.

Ançelotti və Baraxadan fərqli reaksiya

“Real”ın baş məşqçisi Karlo Ançelotti hakim biabırçılığına münasibətini bildirib:

“Nə deyə bilərəm ki… deyiləcək çox şey yoxdur. Görünməmiş bir şey baş verdi. Bellingemin meydandan qovulması bizi narahat etmir, çünki o, hakimi təhqir etməyib. Cud ona deyib: “Lənətə gəlsin, bu, qoldur!”, amma onu təhqir etməyib”, – “Madrid Universal” dərgisi hiddətinə sahib olmağa çalışan italyan mütəxəssisdən sitat gətirir.

Bu arada “Valensiya”nın baş məşqçisi Ruben Baraxa hadisəyə dair danışaraq, necəsə heç kimin görmədiyi, amma yalnız ona “görünən” məqamı açıqlayıb:

“Mən bunu aydın görürdüm. Top künc zərbəsinə çıxanda hakim bunun son fəaliyyət olduğunu dedi. Biz topu çıxaranda hakimin necə fit çaldığını gördüm. O, oyunun bitdiyini düşünürdü. “Real”ın buna etiraz etməsi məntiqlidir. Amma bu barədə əlavə şərh vermək istəmirəm”, – AS dərgisi Baraxadan sitat gətirir.

“Real” isə özünün rəsmi saytında hadisə ilə əlaqədar rəsmi mövqeyini açıqlayıb:

“Hakimin görünməmiş qərarı “Real”ın “Mestalya”da qələbə qazanmasına mane oldu”.

COPE dərgisinin nüfuzlu jurnalisti Arança Rodriges isti-isti əldə etdiyi məlumat əsasında xəbər verir ki, “Real” bu biabırçılığa dair əlaqədar qurumlara şikayət ünvanlamaq niyyətindədir. Müraciətlə bağlı qərarın cümə axşamı günündən gec olmayaraq veriləcəyi gözlənilir.

Bellingem hakimi təhqir etdiyi üçün qovulub?

Həmçinin Arança Rodriges özünün “X” sosial şəbəkə hesabı üzərindən qalmaqallı oyunun hakim protokolunun Bellingemlə bağlı hesabatının şəklini dərc edib. Sənədin təsviri hissəsində hakim Bellingemin meydandan qovulması ilə bağlı məqamı belə təsvir edir:

“99-cu dəqiqədə (5 nömrəli) oyunçu Cud Bellinqhem aşağıdakı səbəbə görə meydandan qovulub: Oyun başa çatdıqdan sonra, hələ meydanda olarkən aqressiv surətdə mənə tərəf qaçdı və bir neçə dəfə təkrar edərək qışqırdı: “Bu, lənətəgəlmiş qoldur”.

Vurğulanır ki, Bellingem məhz əxlaqsız məna kəsb edən kəlmə – “fucking” ifadəsi işlədib və məhz bu səbəbdən meydandan qovulub. Yəni Cud “damned” – birbaşa mənası lənətəgəlmiş olan müvafiq kəlməni işlətməyib.

“Madrid Xtra” dərgisinin təqdim etdiyi məlumatda da baş hakim Xesus Xil Mansonun özünün bu məqamla bağlı fikrinin oyun protokolunda qeyd edilmiş hesabatla eyni olduğu vurğulanır.
Nüfuzlu ispan sabiq hakim Eduardo İturralde Qonsales isə bu oyunda baş vermiş hakim qalmaqalı ilə bağlı vəziyyəti peşəkar nöqteyi-nəzərdən şərh edib:

“Ən yaxşı” hakimin yerinə yetirdiyi dəhşətli iş. O, 7 dəqiqə əlavə edir və Karvaxala VAR nəzərdən keçirildiyi üçün başqa dəqiqə əlavə edəcəyini söyləyir. Künc zərbəsi vaxt 98:13-ü göstərərkən verilir və bu anda anlaşılmaz qərarlar zənciri başlayır.

Əgər 1 dəqiqə əlavə etmisinizsə, künc zərbəsinin oynanmasına icazə verməməlisən. Əgər icazə vermisənsə, ya topu çıxarmağa, ya da qapıya vurmağa icazə verməlisən.

“Valensiya”nın qapıçısı topu vurub çıxarır və cərimə meydançası hüdudlarından kənarlaşdırır. Bu zaman oyun dayandırılmalıdır. Amma hakim bunu etmir və topu Dias qəbul edərək ötürmə edir – bu anda hakim 3 fit çalır. Üçüncü fitdə Bellingem qol vurur.

“Real” oyunçularının və “Valensiya” oyunçularının nədən narazı ola biləcəyini başa düşürəm. Bu, futbolun ən pis məqamlarında biridir”, – Cadena SER dərgisi İturralde Qonsalesdən sitat gətirir.

Azarkeşlərə gəlincə, “kral klubu”nun tərəfdarları hələ də hisslərin acı təsirindədirlər. Belə demək mümkünsə, sıravi azarkeşlər arasında Xesus Xil Mansano “ağ yuyulub, qara sərilir”, Mansanonun ünvanına “söyüşün biri bir qəpikdəndir”.

Videodan göründüyü kimi, bu, aşkar hakim biabırçılığı mənzərəsi yaradır: