Niderland futbolunun əfsanəsi Marko van Basten əfsanəvi Dieqo Maradonanın müasir ulduz Lionel Messidən yaxşı olmasını əsaslandırıb.
Arena.az “GiveMeSport” dərgisinə istinadən, Van Bastenin müvafiq qənaətini təqdim edir:
“Lionel Messi əla oyunçudur, amma Dieqo Maradona komandada həmişə böyük şəxsiyyət olub. Messi komandasını müharibəyə aparmaq üçün irəlidə gedəcək şəxs deyil”, deyə Van Basten Maradonanın liderlik keyfiyyətini qabardıb.
Xatırladaq ki, Maradona peşəkar futbolçu karyerasına 1976-cı ildə “Arxentinos Juniors” klubunda başlayıb. 1981-82-ci illərdə Dieqo “Boka Xuniors”da oynayıb və “genuyalılar”la Argentina çempionatını (1981-ci il Metropolitano) qazanıb. Maradona 1982-ci ildə “Barselona”ya keçərək Avropada debüt edib. “Barselona” ilə Maradona İspaniya Kral Kubokunun (1982/1983), İspaniya Liqa Kubokunun (1983) və İspaniya Super Kubokunun (1983) qalibi olub. 1984-cü ildə isə Don Dieqo “Napoli”yə qoşulub və Neapol klubunun Avropa futbolunun nəhənglərindən birinə çevrilməsində müstəsna rol oynayıb. “Napoli” ilə Maradona 2 dəfə İtaliya A Seriyasını (1986/1987, 1989/1990), İtaliya Kubokunu (1986/1987), İtaliya Super Kubokunu (1990) və UEFA Kubokunu (1988/1989) qazanıb, eləcə də nüfuzlu “Qızıl top” mükafatına layiq görülüb.
1970-ci illərin ikinci yarısında hələ yeniyetmə ikən ulduzu parlamağa başlamış Maradona, 1978-ci ildə vətənində keçirilən Dünya Kubokundan kənarda qalır. İpə-sapa yatmaz xasiyyəti ilə səciyyəvi olan Dieqonu “albiseleste”nin məşqçilər qərargahı çox gənc olduğu üçün yığmaya almayıb. Beləliklə, Argentinanın ilk çempionluğu Maradonadan yan ötüb. 1979-cu ilə Argentinanın U-20 yığması ilə gənclərin Yaponiyada keçirilmiş dünya çempionatının qalibi olan Dieqo əsas yığmanın qapılarını açaraq burada söz sahibi olan oyunçuya – liderə çevrilir.
Argentina yığması ilə 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatını, həmçinin 1993-cü ildə Artemio Franki Kubokunu qazanmış Maradona həmçinin çoxsaylı fərdi mükafatlara layiq görülüb. Dieqo Maradona dünya futbol tarixinin ən yaxşı futbolçularından biri hesab edilir.
Əfsanəvi argentinalı ulduz 2020-ci ilin ayının 25-də 60 yaşında ürək çatışmazlığından vəfat edib.
Əlavə edək ki, Maradonanın ölümündə həkim səhlənkarlığının olduğuna dair şübhələr var. Buna görə müvafiq məhkəmə işi açılıb, təhqiqat hələ də davam edir.


